Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub. İmtahan nəticələri 10 may saat 19:15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.
Nəticələrin yoxlanılması
İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq imtahan nəticəliri öyrənə bilər. Nəticələrə baxmaq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə mümkündür. Həmçinin cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı ikinci üsulla da öyrənə bilər (hər fənn üzrə ümumi balı). Mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə mümkündür.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib. Yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 44856 nəfərdən 522 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.
Appelyasiya
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 19 may tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 15 may saat 10:00-dan 17 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcək. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmalıdır, əks halda ərizə qəbul edilmir. Apellyasiya müzakirəsində müraciət edən şagirdin özünün də iştirakı vacibdir. Əlavə olaraq qeyd edək ki, şagird ilə yanaşı valideynlərinin biri də müzakirə prosesində iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə maksimum 15 dəqiqə müzakirə aparılır. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Məlumat üçün qeyd edək ki, ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.





